TURİZM

           



AZƏRBAYCANIMIZI TANIYAQ VƏ                                                                         TANIDAQ...


Turizm - fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm sadəcə maraq və dəb deyil. Bu, son 20-25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır.Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır. Bu, işdə və ailədə insanların artmaqda olan hərəkətsizliyində, artıq qidanın qəbulunda, psixo-emosional gərginliyin artmasinda özünü göstərir. İnsanlar artıq görüb-duyurlar ki, həyatda təkcə yaxşı məişətə və maddi təminata malik olmaq əsas şərt deyil. Yaxın keçmişdə mükəmməl istirahətin etalonu, əsasən dənizə səyahət, sanatoriya, kurort və istirahət evlərində dincəlmək sayılırdı. Sözsüz ki, günəş, hava və su sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir. Lakin, unutmaq lazım deyil ki, bunlar böyük fiziki fəallıqla əlaqələndirildikdə istənilən səmərəni verə bilər.


Turizm əsasən sosial-iqtisadi sahə kimi XIX əsrinortalarından inkişaf etməyə başlamışdır. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşımış, qeydiyyata düşmədən müxtəlif əraziləri, ölkələri gəzən adamlara «turist»demişlər.1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında«Turizm» sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir.Yenə BMT-nin 1963-cü ildə keçirilən Roma konfransında isə «turist» anlayışına konkret tərif vermək cəhdi edilmişdir. Sözsüz ki, bu konfransda turizmə konkret tərif verə bilməmişlər. Lakin hal-hazırda turizm bütün dünya miqyasında sosial-iqtisadi mədəni  sahə kimi inkişaf etdiyinə görə onun haqqında müxtəlif elmi ədəbiyyatlar meydana gəlmişdir. Bu istiqamətdə Azərbaycan alimlərinin də müəyyən nailiyyətləri vardır.Bunlardan S.T.Yeqanlının,E.M.Hacıyevin,А.Мəmmədоvun,B.Ə.Bilalovun və başqalarının adlarını xüsusi olaraq qeyd etmək olar.B.Ə.Bilalov «turizm» sözünün mənasını aşağıdakı formada izah etmişdir: «Turizm-fransız sözü olmaqla mənası fiziki şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərti ilə istirahət,sağlamlaşdırma, tanış olma, idrakı (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və s), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir (səyahətləridir)».
Qeyd etmək lazımdır ki, ədəbiyyatlarda kütləvi turizmin ilk təşkilatçısı ingilis Tomas Kuk adlı şəxs hesab olunur. O, hələ, 1841-ci ildə Lankasterdən Dolnqboruqa qədər dəmir yolu ilə 570 nəfərin kütləvi gəzintisini təşkil etmişdir. Bu hadisə ilə Tomas Kuk müasir turizmin əsasınıqoymuşdur. O, həmçinin 1847-ci ildə səyahət və ekskursiyalar cəmiyyəti yaratmış, bir qrup zəngin ingilis vətəndaşının Aralıq dənizində səyahətini təşkil etmişdir.XIX əsrin sonunda Tомаs Kuk tərəfindən yaradılmış bu cəmiyyət 53 ölkədə fəaliyyət göstərən və 324 şöbəsi olan möhtəşəm bir konsernə çevrilmişdir. Həmin konsernin 12 min əməkdaşı olmuşdur.Amerikanlar da ingilislərdən geridə qalmamış, turizmilə məşğul olan «Amekso» adlı şirkət yaratmışlar. 1918-ci ildə bu şirkətin firmaları bütün qitələri əhatə etmişdir.1869-cu ildə Avropada Beynəlxalq Mehmanxana işçiləri Assosiasiyası yaradılmışdır. Bu Assosiasiya 1921-ci ildə Beynəlxalq Mehmanxana İttifaqı ilə birləşdirilmişdir.Təbii ki, bu ənənə get-gedə inkişaf edərək bütün dünyaya yayılmışdır. Ayrı-ayrı ölkələrdə turizmin sosial-iqtisadi,mədəni əhəmiyyətini qiymətləndirərək onun uzun müddətli inkişaf proqramını işləyib hazırlamışlar. Məsələn,Fransada hələ 1960-cı illərdən turizmin inkişaf proqramı hazırlanmış, 1967-ci ildə dövlət müxtəlif iş adamlarını da bu proqramın realizə olunmasına cəlb etmişdir. Bütün çimərliklər texniki təchizatla təmin olunmuş, turistlərin istirahət və əyləncəsi üçün hər cür şərait yaradılmışdır..
     Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi inkişaf etdirilir. Ölkədə “Turizm haqqında” Qanun (1999-cü il 4 iyun) qəbul edilmiş, Gənclər, İdman və Turizm Nazirliyi (2001-ci 18 aprel) yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və Turizm Nazirliyi və Gənclər və İdman Nazirliyi təşkil edilmişdir. Respublikada 2006-cı ildən Turizm İnstitutu fəaliyyətə başlamışdır.
 “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin inkişafını təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası-Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist marşrutu müəyyənləşdirilmişdir. Ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi turizm sektorunun inkişafına və turizm sənayesinin formalaşmasına müsbət təsir etmişdir. Respublikada 206 hüquqi və fiziki şəxs turizm fəaliyyəti ilə məşğul olur (2006-cı il avqust). “İmprotex Travel”, “Azal”, “Sİ LTD”, “BTİ Azerbaijan”, “Caspian travel” və b. ölkənin iri turist şirkətləridir. Xarici turistlərin qəbulu üzrə ən iri turoperator “İmprotex Travel” qonşu ölkələrin turist şirkətləri ilə “İpək yolu” alyansı yaradaraq kombinə olunmuş turlar təşkil edir.

Azərbaycanda 10661 nömrəsi olan 262 turist yerləşdirmə obyekti (TYO), o cümlədən 126 mehmanxana, 21 motel və 115 digər TYO fəaliyyət göstərir (2005). Mehmanxana xidməti sahəsində 4092 nəfər çalışır. TYO-ların istismarından əldə edilən gəlir 66510,9 min manat, büdcəyə daxil olan gəlir vergisi, ƏDV və digər vergilər 9441,1 min manat, istismar xərcləri 47312 min manat olmuşdur. 2005-ci ildə TYO-larda 264058 turist yerləşdirilmiş, 524947-si ölkə vətəndaşı olmaqla gecələmələrin sayı 1064758-ə çatmışdır. Turist səfərləri istirahət-əyləncə (79594), işgüzar (141933), müalicə (17701) və s. (24830) məqsədlər daşımışdır. Azərbaycan vətəndaşlarının 1829765 nəfəri xarici səfərlərə getmişdir (2005).
Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu “Hyatt Regency” (1995), “Grand Hotel Europe” (1997), “Radisson SAS Plaza Hotel” (1998), “Park Hyatt Hotel” (1999), “Excelsior Hotel Baku” (2005) və b. fəaliyyət göstərir.
Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya Mərkəzi yaradılmışdır (1991). “Amburan”, “Karvansara”, “Bəh-bəh klub”, “Mc Donald’s”, “Pizza-nat”, “Patio-pizza”, “Oyster Fish House”, “Dolce Vita”, “Dəniz” restoranları və b. həm yerli əhalinin, həm də turistlərin ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, Türk, Hind və Çin mətbəxli restoranların əksəriyyəti Bakıda yerləşir.
Turizmin inkişafı sosial problemlərin həlli, məşğulluğun təmin olunması və yaşayış səviyyəsinin  yüksəlməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 11 fevral 2004-cü il tarixli Fərmanına uyğun olaraq respublikanın turizm ehtiyatları ilə daha zəngin bölgələrində potensial imkanlar nəzərə alınır və turizmin inkişafı istiqamətində tədbirlər həyata keçirilir.
Respublikada turizmi inkişaf etdirmək məqsədilə Bakı, Xaçmaz, Şamaxı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba şəhərlərində və  İsmayıllının Lahıc qəsəbəsində turist informasiya mərkəzləri açılmışdır (2006).
Respublikanın iqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri turizmin yeni növlərinin inkişafına imkan verir. Turizm ehtiyatları tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm növlərinin inkişafı baxımından perspektivlidir.

Azərbaycanda dövlət tərəfindən qorunan 6308 tarix və mədəniyyət abidəsinin 65-i dünya,
2034-ü ölkə, qalanı isə yerli əhəmiyyətlidir. YUNESKO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası salınmışdır (2000). “İçərişəhər” Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10 dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.
Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının (DTQ) və milli parkların (MP) sayının artması təbiət, ekoloji, ekzotik turizm növlərinin inkişafını sürətləndirmişdir. Soyuq iqlimli bölgələrdə (Kiçik Qafqaz, Naxçıvan, Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı və b.) turizmin alpinizm, dağ-xizək idmanı növləri inkişaf etdirilir. Bakı, Maştağa, Gəncə, Quba, Naxçıvan, Lənkəran, Bərdə, Şəki, Şamaxı və digər ərazilərdə  açılmış Olimpiya idman komplekslərində (OİK) milli, regional və beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi turizm əlaqələrini genişləndirir. Şəkidə və Qubada OİK-lərin nəzdində müasir mehmanxanalar tikilmişdir.
Azərbaycan ərazisində ehtiyatlarının müxtəlifliyi, inkişaf səviyyəsi və perspektivliyinə görə seçilən 8 turizm bölgəsi vardır.





Ekoturizm



Ekoturizm təbiət turizminin bir forması kimi, ətraf mühitə qayğı ilə bağlı turizmdir.
Ekoturizmin bir neçə qaydası var.
Ekoturizm - Məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədi ilə edilən səyahətdir, belə gəzintilər zamanı ekosistemin bütövlüyü qorunmalıdır. Bununla yanaşı ekosistemin qorunması yerli əhaliyə sərf edəcək şəkildə həyata keçirilməlidir.
Ekoturizm həm təbiətin qorunmasına, həm də çiçəklənməsinə imkan yarada bilər; ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir.

Ekoturizm – turizmin elə növüdür ki, orada:
1. Turizmin digər növləri ilə müqayisədə insanlar tərəfindən daha az korlanmış təbii ərazilərdə həyata keçirilir;
2. Ekoturizm ətraf aləmin dağıdılmasına və onun keyfiyyətini aşağı düşməsinə səbəb olmur;
3. Ekoturizm istifadə etdiyi ərazilərin qorunmasına və idarə olunmasına birbaşa təsirini göstərir.
4. Müvafiq, etibarlı və bacarıqla həyata keçirilməlidir.

Yuxarıda qeyd olunanlar ekoturizmin bir neçə qaydası idi. Ancaq müxtəlif ədəbiyyatlarda ekoturizmin ən çox yayılmış qaydası aşağıdakıdır:
Ekoturizm digər ərazilərlə müqayisədə daha az korlanmış təbii mühitə ətraf-aləmi öyrənmək, təbiətdən həzz almaq və mədəni diqqətəlayiq yerləri görmək məqsədilə (təbiəti qorumaq şərti ilə), edilən səyahətdir, hansı ki, təbiətin qorunmasına, ətraf-aləmə “yumşaq” təsir göstərilməsinə, yerli əhalinin sosial-iqtisadi cəhətdən ekoloji turizmdə iştirakının təmin edilməsinə və bu fəaliyyətdən mənfəət qazanmasına əsaslanan turizmdir.

Beləliklə ekoturizmin əsas prinsipləri bunlardır.
1. Təbiətə səyahətdir, həm də nəzərə almaq lazımdır ki, bu cür səyahətlərin əsas məqsədi canlı təbiət, yerli adət-ənənə və mədəniyyətlə tanışlıqdır.
2. Səyahətlər zamanı ekologiya və təbiətə qarşı neqativ halların minimuma endirilməsi
3. Təbiətin və yerli sosial-mədəni həyatın qorunmasına kömək
4. Ekoloji maarifləndirmə və məlumatlandırma
5. Yerli əhalinin ekoloji turizmdə iştirakı və turistik fəaliyyətdən gəlir əldə edilməsi; Bu zaman əhaliyə ətraf-aləmi qorumağa daha da stimul verilmiş olur.

Комментариев нет: